Azərişıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 2006-2015-ci illərdə quruma Balababa Rzayev rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev Azərenerji ASC-nin prezidenti təyin edilib.

Tarix

“Azərişıq” ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki “Bakinski dok”da quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatmışdır.

Öz gücünə görə indikilərlə müqayisə olunmaz elektrik stansiyaları yalnız öz obyektini təchiz edirdi. Şəhərin elektrik enerjisi ilə təchizatı sırf belə yolla təşkil edilirdi. Zavodlar, sənaye obyektləri, şirkətlər, cəmiyyətlər, mehmanxanalar və hətta hamamların öz elektrik stansiyaları vardı. Bir hissəsi şəhərin mərkəzi küçələrində yerləşən stansiyaların xarici və xüsusən alman (“Siemens və Alke”, “Algemayne”, “Otto Dach”, “Shukkert”, “Volat”, “Leval”, “Gramma” və s.) istehsalı olan bir-iki dinamo-maşını vardı. Onların gücü çox böyük deyildi – 65-dən 250 V-a qədər, 27-dən 250 A-ə qədər. Zahiri görünüşdən onlar heç də indiki elektrik stansiyalarına bənzəmirdilər.Azərişıq Yasamal (2016)

Hələ 1880-ci ildə Volqa çayında və Xəzər Dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti – “Qafqaz və Merkuri”, Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırmışdı, Bu fənərlər axşamdan sübhə qədər düzgün, tutqun rəngli işıqla yanırdılar. Bu da şəhər əhalisində və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi doğururdu. “Qafqaz və Merkuri” şirkətinin reyslərinə sərnişin sayı çoxalmış, liman isə şəhər sakinlərinin ən sevimli gəzinti yeri olmuşdu.

Bu zaman Bakı neft sənayeisinin məşhur və böyük iş adamlarından biri olan Şəmsi Əsədullayev də limanın elektrikləşdirilməsinə biganə qalmadı. O, şəxsi elektrik stansiyasına sahib oldu və ona xidmət üçün xaricdən mütəxəssislər dəvət etdi. Elektrik stansiyası sahibkarın Bakının mərkəzində yerləşən çox-mərtəbəli evinin işıqlandırılması üçün də xidmət göstərirdi.

Onun ardından mexaniki emalatxanalar sahibi, Almaniya vətəndaşı Zorge (5 oktyabr 1895-ci il tarixində Bakıda anadan olmuş əfsanəvi sovet kəşfiyyatçısı Rixard Zorgenin atası) Balaxanıdakı neft mədənlərindəki istehsal sahələrini işıqlandırmaq üçün kiçik elektrik stansiyası aldı/

Elektrik dərhal dəbə döndü. Bir sıra kiçik stansiyalar meydana çıxdı. 42 kV gücündə 3 buxar maşınından ibarət olan bu stansiyalardan biri 1882-ci ildə “Nobel Qardaşları Birliyi” neftayıran zavodda sexlərin və ərazinin işıqlandırılması üçün qurulmuşdur. Daha sonra. 1897-ci ildə elektrik stansiyasının gücünün 550 kVt-a qədər yüksəldilməsi qərara alınmışdır.

İki ildən sonra Bakının iş adamları, Abşeron neft mədənləri və neftayıran zavodların sahibləri imkanlarını bir araya gətirərək böyük vəsaitlər toplamışdılar. Bakı neft mədənləri sahibləri qurultayında “Siemens” firması ilə birlikdə bu vəsaitləri öz gücünə görə ən yaxşı Avropa və Amerika stansiyalarından heç də geridə qalmayan stasionar mərkəzləşdirilmiş elektrik stansiyalarının qurulması üçün istifadə olunması qərara alınmışdır. Onların qurulması Bailovo və Bibi-Heybət sərhədləri boyunca və ayrıca Beliy Qorod adlandırılan şəhərin neft mədənləri sahəsi ilə – Çornıy Qorod ilə birləşmə xətti üzərində nəzərdə tutulmuşdur.

21 yanvar 1899-cu ildə şəhərdə “Elektriçeskaya sila” adlı Berlin Səhmdar Cəmiyyətinin Bakı şöbəsi yaranmışdır ki, bu cəmiyyət, öz növbəsində, “Siemens Qalske” firmasının “1886-cı ilin Elektrik İşıqlandırması Cəmiyyəti”nin filialı idi. Bu firma maliyyələşdirmə, layihə-tədqiqat işləri, inşaat, avadanlıq və materialların alınması ilə məşğul idi.

“Elektriçeskaya sila”nın Bakı şöbəsinin İdarə Heyəti üzvlərindən biri messenat, milyonçu Hacı Zeynalabdin Tağıyev idi. Cəmiyyətin təsisçiləri rəsmi olaraq titullu şəxslər idi – baron Vrangel, qraf İ.Qolenişev-Kutuzov-Tolstoy, həqiqi mülki müşavir V.Qolubev onlar firmanın əhəmiyyətini və etibarlığını təmsil edirdi. Cəmiyyətin nizamnaməsi Bakı səhmdarlarının iclasında dərhal təsdiq edilmişdi, əsas sərmayə 4 milyon qızıl rubl təşkil edirdi.

Xarici sərmayə ilə yanaşı yerli sərmayənin payı Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, İsa Bəy Hacinski, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqalarının şəxsində artırdı.

“Elektriçeskaya sila” səhmdar cəmiyyəti tikintiyə başlamazdan əvvəl ərazinin kirayə götürülməsi, müxtəlif təşkilatlarla, neft mədən sahibləri ilə, iş adamlarıyla, şəhər rəhbərliyi ilə yazışmalar aparıb muzdlu işçi qüvvəsinin tutulması və mütəxəssislərin dəvət olunması kimi işlərlə bağlı hazırlıq apardı. 1900-cu ilin əvvəlinə Bakı şöbəsinin rəhbərliyi tərəfindən rəqəmlər və hesablamalarla tərtib olunmuş ixtisaslı hesabat hazırlanmışdı. Bundan dərhal sonra “Siemens və Qalske” firması Bibi-Heybətdə – Bayıl burnunda və Belıy Qorodda ikinci elektrik stansiyasının qurulmasına başladı.

İşlərə Robert Eduardoviç Klasson rəhbərlik edirdi. O, ruslaşmış işveçlilərdən idi, elektrik texnikasını çox yaxşı bilirdi, əvvəllər Peterburqda zavodların su elektrik stansiyasında işləmişdir, Moskva və Peterburqda böyük istilik elektrik stansiyalarının tikintisində iştirak etmişdir.

Bakıda işə başlarkən R.E.Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L.B.Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində – 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R.E.Klasson və L.B.Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi.

Cəmisi bir ildən bir az artıq olan müddətə stansiyanın çox gözəl olan əsas korpusu tikildi. Eyni zamanda yardımçı sexlər, idarə binası, su nasosu stansiyası, iqlimi nəzərə alınaraq tikilən yaşayış binaları (otaqlar yay mövsümündə sərin, qış mövsümündə isə isti olurdu), fəhlələr üçün yataqxana, dəmir yolu, limanlar, geniş həyət, asfatlanmış səkilər, yollar, yaşıllıq zolaqları təhvil verilmişdi. Üstəlik, iki elektrik stanfiyası eyni zamanda tikilirdi – Bibi-Heybətdə və Beliy Qorodda.

1901-ci ilin iyul ayının əvvəlində Bibi-Heybət elektrik stansiyası sınaqdan keçirildi, bir həftə sonra isə stansiya daimi istifadəyə verildi. Bir İldən sonra Sabunçudakı neft mədənlərinə və Çornıy Qoroddakı neft emal edən zavodlara enerji verən Beliy Qorod elektrik stansiyası işə salınmışdı. Bu stansiyalarda dünya təcrübəsində ilk dəfə olraraq şor suyu təmizləmə sistemi tətbiq edilmişdir ki, təmizləyici aparatlar vasitəsilə maşın zalının turbinləri üçün dəniz suyundan buxar alınırdı.

Elektrik, neft mədənlərində dartma, qazma, mexaniki təmirxanalarda və zavodlarda, su və neft nasoslarında, burğuların təmiri işlərində və təbii ki, işıqlanma sahəsində özünə istehlakçı tapırdı. Elektrik enerjisinin əsas istehlakçıları isə aparıcı neft sənayesi və neft emal edən şirkətlər idi. Elektrik enerjisinin 50%-dən çoxunu “Nobel Qardaşları Birliyi” və baron Rotşildin “Xəzər-Qara Dəniz neft sənayesi və əmtəə cəmiyyəti” istifadə edirdi. 1906-cı ilin mart ayında Rusiyada ilk dəfə olaraq Belıy Qoroddakı elektrik stansiyasından Balaxanı neft sahəsinə 8,1 km. uzunluğunda 20 kV gərginlikli iki elektrik hava xətti çəkildi.

1916-cı ildə Abşeronda fəaliyyətdə olan 3750 buruq mədənlərindən 1638-i elektrikləşdirilmişdi, bu da təxminən 50% təşkil edirdi. ABŞ-də isə bütün neft yataqları üzrə bu rəqəm 18-20%-dən çox deyildi.

Növbəti inkişaf isə 1909-1920-cu illərdə baş vermişdi. Eyni zamanda, hava və kabel şəbəkələri gücləndirilmişdi. Balaxanı Ramana və Suraxanı rayonlarında 60-dan çox transformator və paylayıcı məntəqələr qurulmuşdu. 1913-cü ildə Bibi-Heybət y/st-da genişlədmə işləri aparılmalı oldu, çünki stansiyanın ehtiyatları tükənmişdi. O zamana “Oleum i Born” şirkətinin 50 buruq quyusunun birləşdirilməsi üçün razılıq əldə edilmişdir. Beliy Qorod stansiyasının Bibi-Heybət yuksək gərginlik hava xətti ilə birləşməsi ən səmərəli hesab edilirdi. Abşeron yarımadasının perimetri boyu transformator yarımstansiyaları qurulmuşdu…

Bibi-Heybətdəki və Beliy Qoroddakı elektrik stansiyaları bir çox yaşayış məntəqələrinə işıq verirdilər. Bakı şəhər rəhbərliyinin 12 mart 1914-cü il tarixli, “Bakı şəhərinin işıqlandırılması haqqında” arxiv materialında qeyd edilir: Şəhər rəhbərliyi aşadıdakı məlumatı diqqətinizə çatdırmağı özünə şərəf bilir. Bakı şəhərinin küçələri əsasən ağ neft ilə yanan təxminən 4972 ədəd fənər ilə işıqlandırılır; bu fənərlər həm şəhərin mərkəzi küçələrində, həm də ətraf yerlərdə mövcuddur. Ağ neftdən başqa elektrikli işıqlandırma da vardır. Elektrik işığının mənbəyi qövs fənərləri və közərmə lampalarıdır. 16 ədəd miqdarında olan qövs fənərləri mərkəzi küçələrdə – Nikoloyevskaya, Mixaylovskaya, Velikoknyajeski prospektində (indiki İstiqlaliyyət, Mədəniyyət, Əlövsət Quliyev küçələri) quraşdırılmışdır. Bu fənərlərin hər biri 8A gücündə olan dəyişən cərəyan fənərləridir. Bulvar közərmə lampalarıyla, hər birində 300 şamı olan cəmi 116 armaturayla işıqlandırılır. Bütün 116 armatura 37 sütün üstündə yerləşir, bunlardan 5 sütünun hər birində 4 armatura, 32 sütunun isə hər birində 3 armatura var. Ağ neft ilə olan fənərlər bütün gecə yanır. Ağ neft ilə olan fənərlərin neçə saat boyunca yanması işıqlandırma təqvimi ilə (1885-ci il) müəyyən edilir. Bu təqvim şəhər rəhbərliyi tərəfindən tərtib olunur və üzərində hər sutka üçün fənərlərin dəqiq yanma saatları göstərilir. Aylı gecələrdə ağ neft ilə olan fənərlər yanmır. Əgər hava buludlu, dumanlı, yağışlı və qarlı olursa ağ neft fənərləri aylı gecələrdə də yanır”… “Siemens”in firmaları, “Elektrikçeskaya sila” cəmiyyəti kimi qurumlar Azərbaycan XI Qızıl ordu tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin 12 iyun 1920-ci il tarixli dekreti ilə ləğv edilərək milliləşdirildi.

“Siemens” firmasının tikdikləri iki böyük elektrik stansiyalarının hesabına (Bibi-Heybət – QRES im.Krasina, Belıy Qorod – Krasnaya zvezda) Bakı vətəndaş və II Dünya müharibələrinin dağıdıcı dövrlərində belə elektrik enerjisi çatışmazlığından əziyyət çəkmədi. Sonralar həmin stansiyaları “Siemens” firmasının əsasını qoyduğu – Leninqraddakı “Elektrosila” zavodu yenidən qurdu və modernləşdirdi”.

Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən aşağıdakı qurumların tərkibində fəaliyyət göstərmişdir:

1929-cu ilə qədər Azneftin “Elektrotok” idarəsinin tərkibində olub

1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Qərarı ilə BaŞEŞ Bakı şəhər sovetinin tərkibinə verilib.

Azərbaycan Respublikası Nazirlər Sovetinin Qərarı ilə 1963-cü ildə “Azərenerji” Nazirliyinin tərkibinə verilib.

1969-cu ildən 2000-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhər İcra hakimiyyətinin tərkibində olub.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14.06.2000-ci ildən 02.01.2002-ci ilə qədər “Bakıelektrikşəbəkə” ASC kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib.

02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin “Barmek Holdinq A.Ş.” şirkəti tərəfindən idarə edilib.

Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilib.

“Azərişıq” ASC hansı qurumun tərkibində və hansı statusda olmasından asılı olmayaraq öz missiyasını-istehlakçıları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməyi şərəflə yerinə yetirib. Öz iş ənənəsini, öz simasını qoruyub saxlayıb. Bu keyfiyyətlərinin qorunub saxlanmasında sözsüz ki, şəbəkənin ağırlığını öz üzərlərində daşıyan insanlar olub. Bu insanların bir qismi bu gün də şəbəkədə çalışır, zəngi təcrübələrini gənclərin yetişməsinə sərf edirlər. Bakı elektrik şəbəkəsinin tarixindən danışarkən artıq dünyasını dəyişmiş Müseyib Əlizadəni, Əli dayını, Nəriman müəllimi bir daha anmaq, ruhlarına rəhmət diləmək yerinə düşər. Müəyyən fasilədən sonra fəaliyyəti bərpa edilmiş “Azərişıq” ASC-nin bu günkü missiyası məhz ruhlarını andığımız, köhnə kişilərin ənənəsini qoyduğu şəbəkənin keçmiş şərəfini, keçmiş adını özünə qaytarmaq və Azərbaycanda gedən sosial-iqtisadi quruculuq prosesinə öz töhfəsini verməkdir.


Bakıda elektrikin tarixinə ekskurs edərkən diqqətimizi ilk növbədə çəkən məqam XIX-əsrin sonlarından etibarən Bakının neft sənayesinə olan maraq, bu sahədə çalışmağa başlayan xarici şirkətlərin fəaliyyətidir. Nobel qardaşlarının, “Simens” firmasının neft sənayesinə olan maraqları, həmçinin elektrik təsərrüfatının formalaşmasına və inkişafına təkan vermiş oldu.

Yuxarıda Bakı nefti ilə əlaqədar ilk elektrik stansiyalarının, ilk elektrik verilişi xətlərinin tikintisi haqda məlumat verdik. 1920-ci ildən sonrakı dövrdə SSRİ məkanında olan elmi-texniki inkişaf fonunda bu sahədə də bir çox işlər görüldü. Lakin görülmüş işlərin dönüş mərhələsi, iri tutumlu yarımstansiyaların, ötürücü xətlərin, istehsal obyektlərinin tikintisi ötən əsrin 70-ci illərindən etibarən geniş vüsət aldı. Həmin dövrdə görülən bu işlərin təşəbbüskarı Azərbaycana SSR-ə yeni rəhbər təyin edilmiş Heydər Əliyev idi. Hakimiyyətə ikinci qayıdışından sonra Heydər Əliyev 70-80 illərdə energetika cahəsində gördüyü işlər haqda belə demişdir: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında (SSRİ rəhbərliyi qarşısında – red) məsələ qoyarkən mənə deyirdilər ki, sənə nəyə lazımdır. Bizdə-SSRİ-də vahid elektrik enerjisi sistemi var… bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.

20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı-istilik Mərkəzinin birinci növbəsi istifadəyə verilir. Açılış mərasimindəki çıxışı zaman ümumilli liderimiz bildirir:- “Bizim bu günkü toplantımız və bu nəhəng istilik-elektrik mərkəzinin açılışı tarixi bir hadisədir. Burada həmin bu yerdə əsrin əvvəlində – 1902-ci ildə bax, orada gördüyünüz, artıq köhnəlmiş, çürümüş, qaralmış istilik elektrik mərkəzi tikilmişdir. Təbiidir ki, o zaman üçün bu böyük hadisə idi. O vaxt Azərbaycanda Neft sənayesi xarici şirkətlərin iştirakı ilə güclü inkişaf edirdi, Neftayırma zavodları yaranmışdı, burada həm elektrik enerjisinə, həm də buxara ehtiyac var idi. Təbiidir ki, o vaxta görə onun, həmin stansiyanın öz dəyəri vardı. Ancaq o vaxtdan 100 il keçibdir.Ona görə də mən deyirəm ki, bu bizim həyatımızda tarixi hadisədir. 100 ildən sonra biz belə bir yeni elektrik stansiyası yaratdıq. Demək XXI əsrə biz bax, belə gözəl, müasir texnologiyalı müəssisələrlə gedirik. Onlardan biri də budur.”

Azərbaycan prezidenti Heydər Əliyevin 20 oktyabr 2000-ci ildə 1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsini açdığı gün, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə “Energetiklər günü” peşə bayramı kimi təsis edildi.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, ölkə iqtisadiyatının bütün sahələrində olduğu kimi elektroenergetika sahəsinə, eləcə də paytaxtan elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərməkdədir.

“Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti 2006-cı ildə bərpa edildikdən sonra bu sahədə inkişaf və investisiya işlərinin müasir standartlara uyğun aparılması məqsədi ilə Prezidentin ehtiyat fondundan maliyyə vəsaiti ayrılması haqda müvafiq sərəncam verilmişdir.

Nazirlər Kabinetinin 2007-ci ilin, birinci yarısında Sosial İqtisadi İnkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Bakıelektrikşəbəkə” ASC-də aparılan yenidənqurma, tikinti işlərini belə qiymətləndirmişdir:

“Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar da uğurla gedir”

“20 Oktyabr Energetiklər günü ” ərəfəsində “Azərişıq” ASC-nin keçmiş tarixinə aid, eyni zamanda şəbəkənin idarəedilməsində uzun müddət işləmiş şəxslərin fotolarından ibarət fotosessiyanı diqqətinizə çatdırırıq.

Missiyamız

“Azərişıq” ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, Azərişıq ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha güclü və keyfiyyətliləri ilə əvəz olunur. Yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdıdılır və kabel xətləri çəkilir. Bütün bunlar , inkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rahatliğı üçün həyata keçirilir.

Ədəbiyyat

  1. K.Ələsgərov -“V lunnıe noçi kerosinovıe fonari ne qoryat…”(“Zerkalo” qəzeti-27 iyul 2002-ci il).
  2. “Energetika Azərbaydjana” (İnformenerqo, Moskva, 1971)
  3. “1 nömrəli Bakı İstilik Mərkəzinin birinci növbəsinin istifadəyə verilməsi mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi”- (“Xalq” qəzeti, 21 oktyabr 2000-ci il)
  4. “ŞİMAL RES”-də yeni enerji blokunun təməlinin qoyulması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi” (“Xalq” qəzeti -20 dekabr 2000il)
  5. “Azərbaycan Prezidenti Heydər Əliyevin YAP-ın II qurultayında nitqi,(“Azərbaycan” qəzeti, 23 noyabr 2001-ci il)
  6. “Razvitiye elektrifikasii narodnoqo xozaystva v Azerbaydjane v poslevoennıy period” (İzdatelğstvo “Elm”, Baku, 1971-ci il)
  7. “Bakıelektrikşəbəkə” ASC-nin arxivi
  8. Bolşaya sovetskaya ensiklopediya (il 1957, 48-ci cild səh 445)

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/az%c9%99risiq/1234/

Bir cavab yazın

Your email address will not be published.